Xeyir. Nəyə görə? Gəlin bu məsələyə saysız hesabsız hədis, ayə və ya islam alimlərinin şərhini bir kənara qoyub fərqli baxmağa çalışaq. Bunlarsız məntiqi izah vermək mümkündürmü? Dəqiq deyə bilmərəm, amma ən azından çalışa bilərik.
Geniş mənada Bayram milli, dini və ya xüsusi olaraq əhəmiyyətli olan və qeyd olunan gün və ya günlərdir. Dar mənada bayramın tərifi isə onun milli və ya dini mahiyyəti ilə bağlıdır. Ən qədim bayramlar dini bayramlar hesab edilir və bayram qədim insan üçün daha müqəddəs mənası olub. Xüsusən təbiətin soyuqdan istiyə keçməsi və ya hansısa təbiət hadisəsindən qurtulmaq insanlar üçün Tanrının bəxş etdiyi gün kimi anlaşıla bilər. Bu baxımdan qədimdə insanlar bayramları inandıqları tanrı(lar) ilə ünsiyyət qurmaq üçün fürsət hesab ediblər. Novruz Bayramının (həmçinin, bir çox digər qədim bayramların) yaranmasını da məhz bu səbəblə əlaqələndirirlər. Milli, ümumxalq və ya beynəlxalq günlər yalnız son dövrlərin hadisəsidir. Onların mahiyyəti qədim bayram anlayışı ilə tam uzlaşmır.
Bəs islamda bayram deyəndə nə anlaşılır? İslamda yekdilliklə qəbul edilən iki bayram vardır: Qurban Bayramı və Ramazan Bayramı. Bundan əlavə cümə günləri də müsəlmanlar bayram günü kimi qeyd edirlər. Bu bayramlarda insanlar daha çox ibadət edir, dua edir və Allahı xatırlayırlar. Yəni Allahla yaxın olmağa çalışırlar. Nəyə görə? Çünki, həmən günlər Allah insanlara daha çox səvap işləmə və günahların bağışlanması üçün imkanlar yaradır. Yəni ki, Allah bu günlər insanlara daha çox imkan yaratdığı üçün bu günlər digər günlərə görə daha xeyrli olduğuna görə bayram kimi qeyd edilir. Və ya bunu başqa cür ifadə etsək, müqəddəs o gündür ki, o gün insan Allaha daha yaxın olma imkanı olur. Buna biz bayramın dar mənada, yəni dini nöqteyi nəzərdən bayramın tərifi deyə bilərik. Əgər digər dinlərə nəzər yetirsək görərik ki, hətta çox tanrılı dinlərdə belə o günlər müqəddəs sayılır ki, insanlar öz tanrılarına daha yaxın hiss edilər. Bu günlərdə insanlar müxtəlif rituallar yerinə yetirib qurban gətirirlər, dua və ibadət edirlər.
Məntiqlidir ki, hər hansı bir din özündən əvvəlki dinin müqəddəs gününü dəyişməyə meyilli olacaqdır. Çünki, yeni dinə görə Allah öz iman gətirənləri ilə fərqli gündə yaxın olacaqdır. İslam dininə görə də Allah göndərdiyi dində yalnız qeyd etdiyi günlərdə daha yaxın olur. Əvvəlki və ya digər dindən qalma müqəddəs günün qeyd edilməsi köhnə dinin (köhnə) adətlərini, hökmlərini və ya rituallarını yaşadılması demək olacaqdır. Halbuki, islam dininə görə (bu adətlər, rituallar və hökmlər) yeni din gəlməklə ortadan qalxmışdır. Ona görə də bəzi müsəlmanların milli mənəvi dəyərlər kimi qəbul etdiyi Novruz Bayramı və digər bayramları qeyd etmək bu (islam teoloqiyası baxımından) məntiqə uyğun deyil.
Hətta bəziləri Novruz Bayramının, 21 mart tarixinin, bəzi qədim monoteistik (xüsusən səmavi) dinlərdə baş vermiş hadisələrlə eyni günə təsadüf etməsini (Adəmin yaradılması üçün palçığın hazırlandığı gün; Nuh peyğəmbərin torpağa ayaq basdığı ilk gün; Musanın dənizi ikiyə ayırdığı gün; Əlinin doğulduğu gün və sair) bu günün müqəddəs olmasına dəlil kimi göstərirlər. Onu xatırlatmaq lazımdır ki, ola bilsin ki, islam gəlməmişdən əvvəl Hz. İbrahimə vəya Hz. Musaya vəya Hz. İsaya hansısa günlər (dinə görə) müqəddəs gün kimi bəxş edilmişdir. Ancaq islamın gəlişi bütün keçmiş dinlərin hökmünü ortadan qaldırdığı üçün bu günlərin bayram kimi qeyd edilməsi yanlışdır. Əgər Allah, insanların ona yaxın olması üçün Ramazan və Qurban bayramından başqa müqəddəs gün təyin edirsə (məsələn, Novruz, 21 mart) bunu niyə göndərdiyi kitabında (Quranda) açıq bildirməsin?
Novruz Bayramına leqitimlik qazandırmaq üçün tez-tez bu arqument irəli sürülür ki, bu bayramda pislik yarada bilən ziyanlı heç bir şey yoxdur. Bu bayram bölüşməyi, sevgini, hörməti və digər xoş davranışları təşviq edir. Əgər yalnız bu parametrlə biz Novruz bayramının islamı nöqteyi nəzərdən doğru olduğunu təyin etmiş olsaq, o zaman dünyada mövcud olan digər bütün bayramlarında də bu parametrlə islami cəhətdən doğru olub-olmadığını təyin edə bilərik. Ancaq, yalnız bu parametrlə təyin etsək tezliklə aydın olar ki, dünyadakı demək olar ki, bütün bayramlar İslam dininə uyğundur. Çünki, istənilən bayramda az və ya çox yuxarıda sadalanan xoş davrnışların təşviqini görmək mümkdündür. Burdan aydın olur ki, bu parametr o qədər də sağlam məntiqə söykənmir.
Bu məntiqi nəticəyə gəlmək olar ki, İslamın qeyd etdiyi bayramlardan başqa günlərin bayram kimi qeyd edilməsi həmən günlərdə (Ramazan, Qurban bayramlardaki kimi) Allahla yaxın olduğunu iddia etməkdir. Bu isə aydındır ki, islam məntiqinə görə yanlışdır.
Qaldı ki, digər peşə günü, 8 mart, və ya digər günlərə, bu günlər dinin anladığı bayram anlayışı ilə eyni deyil. Bu gün sadəcə müəyyən sahədə yaranan problemlərlə bağlı olub onun həlli üçün həmrəylik göstərmək naminə təsis edilən günlərdir. Bu günlərdə insanlar rituallar, ibadətlər, və ya hansısa ilahi məqsədlərinin olduğunu ifadə etmir. Bu günlər də insanlar peşə, gender, sosial və ya iqtisadi problemlərinin şişirdilməsi, üzə çıxarılması və problemin aradan qaldırılması üçün təyin edilmiş texniki bir gündür. Problem həll edildiyi təqdirdə çox güman həmən günlər də yox olacaqdır.
No comments:
Post a Comment